Dərc edilib: 13:31, 19 Aprel, 2017 | 0 dəfə baxılıb

Yəhya Babanlı: – “Azərbaycan diasporu üçün yeni çağırış və yeni yanaşma”

Diaspor məsələləri üzrə ekspert ,tarixçi  Yəhya Babanlının Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanma təhlükəsi ilə bağlı  Diaspora.az -a verdiyi açıqlamanı sizlərə təqdim edirik.

Azərbaycan diasporu üçün yeni çağırış və yeni yanaşma

Son günlər haqlı olaraq, ictimaiyyət arasında ən böyük rezonans doğuran hadisə məhz Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi ilə bağlı Ali Məhkəməyə müraciət edilməsidir.
Məlum məsələnin hər bir vətəndaşımız tərəfindən həssaslıqla qarşılanması normal haldır. Milli mənsubiyyətini dərk edən və cəmiyyətdə gedən prosesləri izləyən şəxs üçün belə neqativ hallara mövqe bildirilməsi arzuolunan və qəbulediləndır.
Rusiya bütün sahələrdə, ələlxüsus coğrafi, tarixi, mədəni, iqisadi, siyasi və strateji baxımdan bizim üçün sıradan bir dövlət deyil ki, burada baş verənlərə, xüsusilə də Azərbaycan diasporunun ən sıx birləşdiyi və müəyyən inkişaf yolu keçmiş təşkilatımızın ləğv edilməsinə biganə qalınsın.
Azərbaycan diasporu üçün xüsusi çəkiyə malik bir təşkilatın hüquqi ləğvi ciddi narahatlıq doğura bilər.
Lakin zənnimizcə, bunun çox da siyasiləşdirilməsi və ya çıxılmaz vəziyyətdə qalmaq kimi təqdim edilməsi yolverilməzdir.
Ona görə ki, diasporu hüquqi çərçivəyə salmaq və ondan səmərəli fəaliyyət gözləməyin özü belə yanlış yanaşmadır. Diaspor sosial-mədəni fenomendir. Onun hüquqi təyinatı yoxur.
Belə bir vaxt və şərait artıq yetişmişdir ki, diasporu məhdudlaşdırmaq, yəni regional birliklərə, təşkilatlara, cəmiyyətlərə və konqreslərə sığdırmaq o dərəcədə mümkün deyil. Diaspor şüurlara hopmalıdır. Həyat tərzinə çevrilməlidir. Siyasiləşdirilməməlidir.

Təklif olunur:

1. Konqresdənsə Rusiya Azərbaycanlıları Evi kimi qeydiyyata müraciət olunsun. Bu daha iddiasız səslənir. Bu da post tutmaq yarışına son qoyulmasına və diasporun bir vasitəyə deyil, bir məqsədə çevrilməsinə səbəb ola bilər. Çünki, burada əksəriyyət konqresin prezidenti və ya sədri olmaq istəyər. Azərbaycan evinin rəhbəri isə şəxsi mənafeyini güdən “diasporçu” istəməz.
1. Ümumrusiya Azərbaycanlıları Konqresi Ukrayna Azərbaycanlıları Konqresi və Belarus Azərbaycanlıları Konqresi ilə birgə yeni kontinental birliklərini elan edərək, beynəlxalq fəaliyyət sferasına keçsinlər.
2. Ümumdünya Azərbaycanlıları Konqresi yaradılsın və rəsmi şəkildə beynəlxalq təşkilatlara müşahidəçi statusunun əldə edilməsi üçün müraciət edilsin.
İmkan vermək olmaz ki, xalqlararası əlaqələrin fenomeni sayılan diasporu dövlətlərarası münasibətlərin ziyanına işləyən alətə çevirsinlər.

Diaspora.az
Nail Əhməd