Dərc edilib: 02:34, 12 May, 2017 | 0 dəfə baxılıb

“Rusiyada ticarət nümayəndəliyinin yaradılması Azərbaycandan ixracın artmasına müsbət təsir edəcək”

Diaspora.az palitranews.az-a istinadən Krasnoyarsk şəhərində yaşayan həmyerlimiz Səadət Qarayevadan alınan müsahibəni təqdim edir.
“Azərbaycan təşkilatlarının nümayəndələri Krasnoyarsk İqtisadi Forumu və Krasnoyarsk Şəhər Forumu kimi tanınmış və effektli müzakirə platformalarında iştrak etməlidirlər”

Hazırda Azərbaycanda qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Son zamanlar aparılan iqtisadi islahatlar çərçivəsində ixracın təşviqi ilə bağlı bir sıra addımlar atılıb. Bu istiqamətdə görülən işlərdən bir olaraq xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin yaradılmasını qeyd etmək olar. Qeyd edək ki, ilk olaraq Rusiya Federasiyasında ticarət nümayəndəsi təyin olunub. Bu qərar Rusiyadakı diaspor üzvləri tərəfindən də sevinclə qarşılanıb. Krasnoyarsk diyar milli-mədəni muxtariyyətin sədr müavini, hüquqşunas, 2017-ci ildə keçirilən Krasnoyarsk iqtisadi forumunun iştirakçısı Səadət Qarayeva bu haqda öz fikirlərini bizimlə bölüşüb.
-Azərbaycan diasporu Krasnoyarsk diyarının ictimai-siyasi həyatında nə kimi fəallıq göstərir?
-Hal-hazırda Azərbaycan diasporunun bir çox nümayəndələri Krasnoyarsk diyarının sosial, mədəni və iqtisadi həyatında əhəmiyyətli rol oynayır. Krasnoyarsk Azərbaycan milli-mədəni muxtariyyəti milli mədəniyyətin qorunması və inkişafında çox böyük işlər aparır, həmçinin mənim rəhbərlik etdiyim Krasnoyarsk diyarının hüdudlarından kənarda tanınan Azərbaycan Mahnı və Rəqs Ansamblı “Odlar Yurdu”, rəsmi olaraq Kranoyarsk rahbərliyi tərəfindən 2009-cu ildən etibarən “fəxri xalq ansamblı” adına layiq görülmüşdü.
Bir müddət əvvəl Krasnoyarsk diyarında “Dostluq Evi” yaradılmışdı və açılışda qubernator Viktor Tolokonski öz çıxışında qeyd etmişdi ki, “biz diasporlarla fəal əməkdaşlıq edirik, müxtəlif tədbirlər keçiririk. Həmçinin səfirliklərlə sıx əlaqə saxlanılır. Azərbaycan səfirliyinin rəhbəri ilə də görüşlərimiz olub. Biz iki ölkə arasında əlaqələri inkişaf etdirməyə hazırıq, çünki onların nümayəndələri burada bir çox sahələrdə çalışırlar. Bundan başqa, bizim bölgədə keçirilən unikal festivallarda Azərbaycanın zəngin mədəniyyəti və sənətkarlıq əsərləri daha yaxşı təmsil ola bilər, o cümlədən məşhur “Sibir Dünyası” festivalında və yaxud gənclər təhsil forumu TİM “Biryusa”da öz biliklərini bölüşə bilərlər.”
Lakin bu gün reallıq var ki, mədəni və humanitar əlaqələrdən başqa, ticarətin və iqtisadi əlaqələrin inkişaf olunması lazımdır və burda hər iki tərəf, Krasnoyarsk diyarı və Azərbaycan üçün də inkişaf istiqaməti var.
-Krasnoyarsk diyarı ilə iqtisadi əlaqələrin qurulması üçün nə kimi əlverişli şərait var?
-Əməkdaşlıq barəsində rəsmi arayışa əsasən, ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə- tərəflər arasında əməkdaşlıq barəsində hələ heç bir razılaşma bağlanmayıb və bağlanması da planlaşdırılmır. Bundan əlavə, 2010-cu ildən başlayaraq Krasnoyarsk diyarında ticarət və iqtisadi dövriyyədə Azərbaycan Respublikasının mənfi saldo ticarət balansı var.
Hal-hazırda inkişaf etdirmək və gücləndirmək üçün ixrac və idxal istiqaməti var: Azərbaycan Respublikasına ixrac strukturunda təqdim etmək üçün: mineral yanacaq, neft və neftayırma, ağac və ağac məhsulları, mexaniki və texniki avadanlıqlar və s. Azərbaycan Respublikasının idxal strukturunda meyvə-tərəvəz, qoz-fındıq və onların məhsulları, mineral yanacaq, neft və neftayırma məhsulları var. Eyni zamanda enerji, nəqliyyat, turizm, tikinti və bank kimi perspektivli sahələrə heç toxunulmur. Nəzərə alaq ki, Azərbaycanın Rusiyanın digər regionları ilə bu sahələrdə birgə layihələrin olması təcrübəsi var və Krasnoyarsk diyarı da respublika üçün yeni tərəfdaş ola bilər.
-Maraqlıdır, belə imkanlar mövcud olduğu halda, bu vaxta kimi niyə istənilən əməkdaşlıq qurulmayıb?
-Qarşılıqlı marağın aşağı səviyyədə olmasının səbəbi işgüzar missiyaların, görüşlərin və müzakirələrin, iki bölgənin işgüzar dairələri arasında əməkdaşlığın olmaması ilə bağlıdır. Krasnoyarsk İqtisadi Forumunda 2015-ci və 2016-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin müavini Qudsi Osmanov və 2017-ci ildə İqtisadi Məsələlər üzrə səfirin müşaviri Şövqü Mehdizadə iştirak edib. Fikrimcə, Azərbaycan təşkilatlarının nümayəndələri Krasnoyarsk İqtisadi Forumu və Krasnoyarsk Şəhər Forumu kimi tanınmış və effektli müzakirə platformalarında iştirak etməlidirlər.
-Rusiya Federasiyasında ticarət nümayəndəliyinin yaradılması iqtisadi əlaqələri nə dərəcədə gücləndirəcək?
-Hər iki ölkədə iqtisadi və beynəlxalq sahədə professional təcrübəyə malik olan Ruslan Əliyevin rəhbərliyi altında Moskvada Azərbaycanın ticarət nümayəndəliyinin açılışı Krasnoyarsk diyarı ilə Azərbaycan arasında münasibətlərin gözlənilən irəliləyişi ola bilər. Rusiyada ticarət nümayəndəliyinin yaradılması Azərbaycandan ixracın artmasına müsbət təsir edəcək. Bu isə regionlar arasında da əlaqələrin inkişafı və möhkəmlənməsində, şübhəsiz ki, əhəmiyyətli rol oynayacaq.

Diaspora.az