Dərc edilib: 18:17, 10 İyun, 2017 | 0 dəfə baxılıb

Polşada hərbi törənlə dəfn olunmuş Azərbaycan generalı – FOTOLAR

Olduqca zəngin hərbi bioqrafiyası olan Vəli bəy Yadigarov az tanınmış sərkərdələrimizdəndir. I Dünya müharibəsində iştirak etmiş, Azərbaycan Milli Ordusu sıralarında Qarabağ uğrunda vuruşmuş, sovetlərə qarşı üsyanlarda fərqlənmiş Vəli bəy mühacirətə gedərək Polşa ordusu sıralarında onun azadlığı və müstəqilliyi uğrunda vuruşmuşdur. 1920 – 1921 –ci illərdə sovetlərə qarşı, 1941 – 945-ci illərdə faşistlərə qarşı igidliklə döyüşmüş həmyerlimiz sovetlər Polşanı işğal edəndə Argentinaya mühacirətə getmiş, orada vəfat etmişdir. Polşa hökümətinin göstərişi ilə xüsusi hava reysində cənazəsi Varşavaya gətirilmiş və orada təntənəli şəkildə dəfn olunmuşdur.
Görkəmli sərkərdə, azadlıq uğrunda son nəfəsinədək mübarizə aparan insan, Azərbaycanı Avropada tanıdan həmyerlimiz Vəli bəy Yadigarovun adı Azərbaycan tarixinə yazılmışdır.

Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdur. Məşhur Azərbaycan şərqşünası Mirzə Cəfər Topçubaşova qohumluğu çatan atası Sadıq bəy oğlanlarını hərbi məktəblərə qoymuşdur. Vəli bəy 1909-cu ildə Tiflis hərbi gimnaziyasına qəbul edilmiş və 1916-cı ilədək burada oxumuşdur.

Vəli bəy 1916-ci ildən Rusiyanın Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməyə başlamışdır. I Dünya müharibəsini Qafqaz Cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilmiş və məşhur Brusilov hücumunda iştirak etmişdir. Bir müddət 1-ci Dağıstan süvari alayında xidmət etdikdən sonra Vəli bəy Artilleriya Zabit Məktəbinə göndərilir. Lakin bolşeviklərin Peterburqda çevrilişi və Rusiyanın parçalanması nəticəsində onun ordusu iflic vəziyyətinə düşmüşdü. Bütün Rusiya ərazisində bolşeviklər tərəfindən qurulmuş postlarda keçmiş çar zabitlərini axtarır, onları qətlə yetirirdilər. Min bir əziyyətlə Vəli bəy 1918-ci ilin sentyabrında Azərbaycana gəlir.

Polşada hərbi törənlə dəfn olunmuş Azərbaycan generalı - FOTOLAR

Vəli bəy Yadigarov
(1898-1971)
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını sevinclə qarşılayan Yadigarovlar nəslindən 8 nəfər zabit Milli Orduda xidmət etmişdir. Onlardan biri, Vəli bəyin böyük qardaşı Davud bəy Qarabağ və Zəngəzur döyüşlərində göstərdiyi igidliyə görə 1919-cü ildə general-mayor rütbəsinə layiq görülmüşdür. Azərbaycana gələn Vəli bəy dərhal Milli Ordunun sıralarında xidmət etmək arzusunu bildirmişdir. 3-cü Şəki süvari alayı təşkil ediləndə o bu alayda eskadron komandiri vəzifəsində çalışmağa başlamışdır.

1920-ci il martın 22-də, Novruz bayramı axşamı Ermənistan silahlı qüvvələri və qiyamçı ermənilər Şuşa, Laçın, Xankəndi, Xocalı, Əsgərana hücum edirlər. Başda general-mayor H.Səlimov olmaqla Qarabağ Ərazi Qoşunları təpədən-dırnağadək silahlanmış düşmənin hücumunun qarşısını alır, müdafiə döyüşlərində ona ağır zərbələr vurur. Azərbaycan hissələri aprelin 3-də əks-hücuma keçir. 12 günlük ölüm-dirim döyüşlərində erməni qüvvələri darmadağın edilir. Qarabağın bütün məntəqələri üzərində yenidən üçrəngli bayrağımız dalğalanır. Bu döyüşlərdə Vəli bəy Yadigarovun eskadronu xüsusilə fərqlənir. 3-cü Şəki süvari alayının komandiri polkovnik Tonkiyev martın 26-da general-mayor Həbib bəy Səlimova göndərdiyi məktubda yazırdı: “Bu gün – martın 26-da artilleriya və tüfəng hazırlığından sonra Çaylı və Bürcü kəndləri tutulmuşdur. Ermənilər Çaylıdan qərbə – dağların şərq ətəklərinə çəkilmişlər. Ermənilərdən bir neçə döyüşçü öldürülmüşdür. Bizim tərəfdən isə bir neçə partizan yaralanmışdır. Düşmənin çoxsaylı süvari dəstəsini başılovlu qaçmağa məcbur etmiş 1-ci yüzlüyün korneti Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu xüsusi qeyd etmək istəyirəm”.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası qoşunları tərəfindən işğal edilir. Azərbaycan Milli Ordusunun zabitlərinin aqibəti müxtəlif olur. Kimisi Mehmandarov kimi, “Vətəndən ayrılmağa heç bir əsasım yoxdur” deyərək vətəndə qalmaq qərarına gəlir və repressiyaların qurbanı olur. Kimisi Türkiyə, Fransa, Almaniyaya və başqa ölkələrə mühacirətə gedir, müxtəlif peşə sahibləri olur. Bir qisim zabit isə onların vətənlərinə təcavüz etmiş bolşeviklərə qarşı üsyanlar vasitəsilə mübarizə aparmaq qərarına gəlir. Belələri sırasında Vəli bəy Yadigarov da var idi. O, 1920-ci ilin yayında 3-cü Şəki süvari alayının döyüşçüləri ilə məşhur Qarabağ üsyanında iştirak edir, düşmənə ağır zərbələr vurur. Üsyan yatırılandan sonra silahı yerə qoymayan Vəli bəy Gürcüstana keçir və bolşeviklərə qarşı gürcü ordusu sıralarında mübarizə aparmağa hazır olduğunu bildirir. Lakin Gürcüstanı da Azərbaycanın aqibəti gözləyirdi.

Polşada hərbi törənlə dəfn olunmuş Azərbaycan generalı - FOTOLAR

Gürcüstan işğal ediləndən sonra Vəli bəy Türkiyəyə keçir. Azərbaycanlılar burada dost və qardaş kimi qəbul edilir, onların bir çoxu Atatürkün ordusunda azadlıq yürüşündə iştirak edir. Lakin Türkiyənin Rusiya ilə normal diplomatik münasibətdə olması Vəli bəyi qane etmirdi. Bu zaman Sovet Rusiyasının qoşunları Polşaya hücum edir. “Polşa xalqlarına azadlıq” gətirəcəyini vəd edən sovetlər əslində ora ölüm və fəlakət gətirirdilər. Vətəninin işğal altında olmasını, sovetlərin əlinə keçmiş qardaşlarının repressiyalara məruz qalmasını bilən və qisas hissi ilə yaşayan Vəli bəy Polşaya keçmək qərarına gəlir.

Çox böyük çətinliklərlə Rumıniyaya, oradan isə Polşaya keçən Vəli bəy burada yaxşı qarşılanmışdır. Keçmiş Rusiya ordusunun zabiti Pilsudski vaxtilə azərbaycanlılarla bir hissədə xidmət etmişdi və onlara xüsusi rəğbəti vardı. Sovet – Polşa müharibəsinin ilk günlərində 20-dən artıq azərbaycanlı zabit Polşa ordusuna qəbul edilir; Vəli bəy də o cümlədən. Özü də o, Polşa ordusunun süvari hissələrinə qəbul edilir.

Vəli bəyin Polşa ordusu sıralarında necə xidmət etməsi barədə 6 iyul 1990-cı il tarixli “Jiçe Varşavı” qəzeti yazırdı: “Ötən şənbə Varşava qəbiristanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti ilə hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belostok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır. Azərbaycan knyazıdır…

Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Somskovski adına 7-ci Ulan alayının zabiti olmuşdur. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. Qrozdendə Süvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini bitirdikdən sonra 7-ci süvari polkunun komandir müavini təyin edilmişdir. Polyak qızıyla evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi xatırlayırlar.

Polşada hərbi törənlə dəfn olunmuş Azərbaycan generalı - FOTOLAR

Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il sentyabrın 11-də təşkil olunmuş müdafiə kampaniyasında iştirak etmiş, Mazovetsk süvari briqadasının qərargah rəisi olmuşdur. Polşanın işğalından sonra Armiya Krayovanın tərkibinə daxil olan “Jelen” polkunun komandiri kimi Varşava üsyanında (1944) iştirak etmişdir. Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət etmiş, 19 il əvvəl – 1971-ci il dekabrın 3-də Buenos-Ayresdə vəfat etmişdir.

Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir. Dəfn mərasimində mərhumun qızı – Züleyxa xanım Yadigar-Kalinoskaya da olmuşdur. O, hal-hazırda milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır”.

İkinci vətəni Polşa uğrunda mərdliklə vuruşan Vəli bəy 1945-ci ildə Polşaya sovet qoşunları yeridiləndə onlara tabe olmaq istəməmiş, istefa ərizələri yazmış və 1949-cu ildə istefaya çıxaraq Argentinaya yollanmış, burada Polşa və Qafqaz mühacirləri cəmiyyətlərinin fəal üzvü olmuşdur.

Vəli bəy 1933-cü ildə Varşavada “Mustafa Axmatoviç adına tatar-ulan alayının hərbi tarixi oçerki” adlı kitab yazmış və Polşa, Krım, Litva, Rusiya müsəlmanlarının Polşada xidmətini əks etdirmişdir. Kitab 1990-cı ildə Varşavada təkrarən nəşr olunmuşdur.

Zəngin döyüş bioqrafiyası illərində Vəli bəy Azərbaycanın “İgid nişanı” ordeni, Polşanın 4 ordeni ilə təltif edilmişdir.

Vəli bəy Yadigarov 1971-ci ildə Buenos-Ayresdə vəfat etmiş, 1990-cı ildə məzarı Varşava mərkəzi qəbiristanlığına köçürülmüşdür.

Diaspora.az