Dərc edilib: 13:22, 6 İyun, 2017 | 0 dəfə baxılıb

Paris-Azərbaycan Evi ölkəmizi Fransada və dünyada tanıdır – Fotolar

Mirvari Fətəliyeva: “Artıq ermənilərin təşkil etdiyi tədbirlərə qatılır, onların cəfəngiyyat dolu çıxışlarına qarşı çıxa bilirik”

Vətəndaşlarımızın xoş sədası dünyanın dörd bir yanından eşidilməkdədir. Onlar getdikləri torpağa özləri ilə kiçik bir Azərbaycan aparırlar. Yad torpaqda ölkəmiz naminə edilən bütün haqsızlıqlara qarşı çıxır, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı özlərinə borc bilirlər. Onların içərisində səsi ta Parisdən gələn Paris-Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da  var. Azərbaycan üçün etdiyi fədakarlığa görə müsahibimiz Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü təyin olunub. Bu Şuranın yeni tərkibində yüksək vəzifə tutan hökumət və dövlət rəsmiləri, bəzi deputatlar, yazıçılar, alimlər, xaricdəki diaspor rəhbərləri, tanınmış ictimai-siyasi şəxslər yer alır. Diaspora.az kaspi.az-a istinadən,Mirvari xanımla Parisdə Azərbaycan mədəniyyəti, xalqların münasibəti və adət-ənənələr haqqinda müsahibəsini təqdim edir .

– Uzun müddətdir Fransada yaşayırsınız, artıq oranın insanlarına, mədəniyyətinə bələdsiniz. Fransızlar Azərbaycan haqqında nə qədər məlumatlıdırlar?

– Bəli, 16 ildir ki, Fransada yaşayıram. Bu ölkənin vətəndaşı olmaqla yanaşı, mədəniyyəti, adət-ənənəsi ilə yaxından tanışam. Fransaya gəldiyim ilk illərdə ölkəmizi başqa ölkələrlə səhv salırdılarsa, indi bu kimi hallarla rastlaşmırıq. Bu illər ərzində Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin, burada fəaliyyət göstərən təşkilatların həyata keçirdiyi müxtəlif böyük və kiçik miqyaslı tədbirlər Azərbaycanın zəngin mədəniyyətinin, tarixi həqiqətlərinin Fransada tanıdılmasına böyük təkan vermişdir. Əvvəllər bütün tədbirlər yalnız Parisdə keçirilirdisə, son illərdə coxsaylı əhalisi olan digər şəhərlərdə də müxtəlif tədbirlər təşkil edilir. Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan-Qafqazın Mirvarisi”, Parisin görkəmli yerlərində təşkil edilən “Azərbaycan şəhərciyi” adlı layihələr sözügedən şəhərlər və meriyalarla sıx əlaqələrin və dostluq münasibətlərinin yaranmasına və bu əlaqələrin davam etdirilməsinə bir vasitə oldu. Baş katibi olduğum Azərbaycanın Dostları Assosiasiyası və rəhbərlik etdiyim Azərbaycan Evi təşkilatı artıq 5 ildir ki, bu ənənənin davamı olaraq fərqli şəhərlərin meriyaları və yerli təşkilatlarla birgə ölkəmizin adət-ənənəsini özündə əks etdirən müxtəlif səpkidə tədbirlər təşkil edir. Bu da fransız publikasının böyük marağına səbəb olur. Buna misal olaraq, artıq 3 ildir ki xalqımızın ən mühüm bayramlarından biri olan Novruzu müxtəlif şəhərlərdə meriyaların dəstəyi ilə keçirməklə, bu şəhərlərlə sıx əlaqələrin yaranmasına, ölkəmizin tanıdılmasına xidmət edirik. Layihə bayramı əks etdirən foto və rəsm sərgisindən, bayram ənənənəsini ictimaiyyətə tanıdan geyim evlərindən və milli rəqsdən ibarətdir. İndiyə qədər Novruz layihəsi Paris, Evian, Altkirch, Montoro, Arkashon, Ruayan kimi şəhərlərdə həyata keçirilmişdir. Eyni zamanda, festivallarda, beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edir, onun zəngin mədəniyyətini, tarixini, adət-ənənəsini fransız ictimayətinə tanıdırıq. Bütün sadaladıqlarım bu layihələrin nəticəsində artıq ölkəmiz burada daha yaxşı tanınır və yerli əhali tərəfindən böyük maraq göstərilir.

 

 

– Fransa ilə Azərbaycan mədəniyyətlərinin oxşar cəhətləri varmı? İki ölkə, iki ayrı mentalitet, insanların dünyagörüşü…

– Sualınız çox maraqlıdır, amma geniş bir mövzunu əhatə edir. Çalışacam ki, bir necə misal ilə əsas fərqləri izah edim. Əlbəttə, həm mədəniyyət, həm də mentalitet cəhətdən çox fərqli cəmiyyət olmaqla yanaşı, insanların dünyagörüşləri də cox fərqlidir. Təbii ki, bunun da səbəbləri var, həm dini, həm mədəni amillər bu fərqi izah edə bilər. Məsələn, ən qabarıq nəzərə çarpan ailə münasibətlərini götürsək, onlar bizim qədər ailəyə bağlı olmur, təbii ki, biz bunu öz böyüdüyümüz mühitin təsiri ilə ölçürük. Fransızlar uşaqların təlim-tərbiyəsinə çox ciddi və məsuliyyətlə yanaşır. Uşaqların tam sərbəst, müstəqil fikirli böyüməsi, özünə inamın artması üçün müxtəlif dərsdən kənar fəaliyyətlərlə məşğul olmasını təmin edirlər. 16-17 yaşa qədər uşaqlara nəzarət olunur, yetkinlik çağına çatdıqdan sonra əksəriyyət ailələr onları tam da olmasa, müəyyən dərəcədə sərbəst buraxırlar. Belə gənc bir yaşda cəmiyyətə alışmaq, iş tapmaq, fakturalarını ödəmək kimi məsuliyyətli öhdəliklər arxasında qalan gənclər öz sərbəstliklərini bir daha təsdiq etmiş olur və ailədən asılılıqlarını ortadan qaldırırlar. Fransaya gəlişimin ilk illərində, tanıdığım varlı bir ailənin övladı kiçik işlərdə çalışır və təhsil haqqını ödəyirdi. Bunu mən də edirdim, çünki ailəmin təhsil haqqımı ödəyəcək gücü yox idi. Amma onun belə işlərdə çalışmasını başa düşmürdüm. Eşidəndə ki o öz ailəsinə məxsus evdə qalır və ata-anasına kirayə haqqı ödəyir, cox təəccüblənmişdim. Bəlkə də bu bizim oxucular ücün anlaşılmayan bir yanaşma olacaq, amma illər ötdükcə anladım ki, gənclərin sərbəst və cəmiyyətə daha xeyir gətirəcək bir nəsil kimi yetişdirilməsi, ailəsindən maddi asılılığı ortadan qaldırmaq və ən əsası, öz gələcəyini özünün qurması üçün bu, cox mühüm əhəmiyyət kəsb edir.

 

 

– Bildiyimiz qədər, Fransada güclü erməni diasporu var. Azərbaycan diasporu onların təxribatçı fəaliyyətlərinə anında cavab verə bilirmi?

– Güclü erməni diasporundan daha cox, düzgün qurulmuş sistemləri var – demək daha uyğun olardı. Onlar say etibarilə çoxluq təşkil edən, zaman baxımından da əsrlər boyu burada məskunlaşan bir icmadır. Bu icma cəmiyyətə tam inteqrasiya olub və müəyyən təbəqələrdə yer tutublar. Hər hansı bir qurumda erməni çalışırsa və ətrafinda onu sevən və hörmət edən fransızlar varsa, təbii ki “bu gün” gələn icmanın, yəni bizim sözümüzü deyil, artıq əlaqədə olduğu, tanıdığı və dostluq etdiyi icmanın sözünə inanacaq. Fransada fəaliyyət göstərən erməni təşkilatları fəaldırlar. Həyata kecirdiyimiz hər hansı bir tədbirə mane olmağa çalışsalar da, buna həmişə nail ola bilmirlər. Beynəlxalq aləmin işğalçı kimi tanıdığı bir ölkənin numayəndəsi kimi, illər boyu Fransa səhnəsində tək monoloq söyləyən erməni icması utanmadan bizi haqsız çıxarmaqla, fransız ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi haqqında yalnış informasiya, tarixi saxtalaşdırılmış məlumatlar verməklə məşğul olublar. Lakin indi biz diaspor olaraq artıq onların təşkil etdiyi tədbirlərə qatılır və cəfəngiyyat dolu çıxışlarına qarşı çıxa bilirik. Azərbaycan gənc bir dövlət olduğu kimi, diasporu da gəncdir. Güclü diasporun formalaşması ücün zaman, təcrübə və ən əsası isə, düzgün qurulmuş strategiya, eləcə də cəmiyyəti yaxşı bilən, mənimsəyən, inteqrasiya edən həmyerlilərimizin fəallıq göstərməsi lazımdır. Amma təəssüf ki, burada yaşayan azərbaycanlı ailələrin muhüm bir hissəsi inteqrasiya prosesində fəal iştirak edə bilmir. Müəyyən yaşdan sonra burada məskunlaşan ailələr daha cox turkdilli və rusdilli icmalar ilə əlaqə saxlayır və o mühitdə özlərini təbii ki, daha sərbəst hiss edirlər. Bu da inteqrasiya prosesinin inkişafına mane olur. Gənc nəsil yavaş-yavaş bu prosesdə iştirak etməyə başlayır, burada böyüyən, dili sərbəst danışan gənc nəsil üçün isə inteqrasiya daha sürətlə gedir. Hətta bəzən assimilyasiya ola bilir. Avropada fəlaiyyət gostərən diaspor təşkilatlarının əsas problemi maliyyə olsa da, onların bir çox hissəsinin fəaliyyətinin həvəskar və qeyri-peşəkar olması səbəbindən bizə edilən hücumlara anında cavab verə bilmək imkanlarımız azalır.

 

-Təbliğat-təşviqat işlərində sosial medianın imkanlarından yararlanırsınızmı?

– Əlbəttə, sosial media bu gün ən aparıcı qüvvələrdən biridir. Artıq neçə illərdir ki, sosial mediadan istifadə edir və bu vasitə ilə ölkəmiz haqqında ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Eyni zamanda, bu vasitə ilə digər təşkilatlarla əlaqələr qurur, dünyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının fəaliyyətlərini izləyir, hər hansı vacib bir məsələnin yayılması və təbliği üçün bir-birimizə dəstək olmağa çalışırıq.

 

 

– Əsas fəaliyyət istiqamətiniz nələrdən ibarətdir?

– Əsas fəaliyyət istiqamətimiz ölkəmizin mədəniyyətini, tarixi həqiqətlərini təbliğ etmək, elm, təhsil, turizm sahəsində müxtəlif layihələr həyata kecirmək, xususilə Ermənistan-Azərbaycan, Daglıq Qarabağ münaqişəsi barədə ictimaiyyətə həqiqətlərin çatdırılması üçün böyük səylər göstərməkdir. Ölkəmizin tanıdılması prioritet olmaqla yanaşı, diasporumuzun inkişafı da bizim üçün çox muhümdür. Burada məskunlaşan azərbaycanlıların cəmiyyətə inteqrasiya olması nə qədər vacibdirsə, bu ölkədə doğulub-böyüyən gənc nəslin assimilyasiyaya uğrama təhlükəsi də o qədər böyükdür. Bunun üçün ölkəmizin Fransadakı sefirliyinin dəstəyi ilə artıq 4 ildir ki, 2 sinifdən ibarət həftəsonu dərsləri təşkil edirik. Əlbəttə ki, həftədə saatyarım dərslə mükəmməl Azərbaycan dilini öyrədə bilməsək də, onlar yazmaq, oxumaq, ölkəmiz haqqında ümumi məlumatlara yiyələnmə imkanı qazanırlar. Bu dərslər hazırda yalnız Paris şəhərində keçirilir, amma çox istərdik ki, azərbaycanlı icmalarının sıx məskunlaşdığı şəhərlərdə də bu dərslər təşkil edilsin. Təbii, bunun ücün öncə həmvətənlərimizin sıx məskunlaşdığı şəhərlərdə mövcud təşkilatların fəaliyyətlərinə təkan vermək və ya təşkilat olmayan şəhərlərdə yeni təşkilatların təsis edilməsi ilk şərtlərdən biridir.

– Paris-Azərbaycan Evi olaraq hansı mühüm layihələri həyata keçirmisiniz?

– Paris-Azərbaycan Evi 25 il öncə Ramiz Abutalıbov, Timuşin Hacibəyli tərəfindən yaradılan Fransada ilk Azərbaycan təşkilatlarından biridir. 2012-ci ildə biz bu təşkilatı yenidən canlandırmağı qərara aldıq və bu illər ərzində bir çox böyük layihələrə imza atdıq. 5 il ərzində görülən mühüm tədbirlər kimi Xocalı soyqırımının, Dağlıq Qarabağ həqiqətlərininin tanıdılması üçün müxtəlif etiraz aksiyaları, deklarasiyalar, müxtəlif şəhərlərdə konsert, sərgi və konfranslar təşkil etmişik. Bundan başaqa, tanınmış beynəlxalq festivallarda iştirakımızı, həftəsonu Azərbaycan dili dərsləri kimi layihələri misal gətirə bilərəm.

– İşlərinizə görə, Prezident İlham Əliyev tərəfindən mükafatla təltif olunmusunuz. Bu mükafata qədərki və mükafatdan sonrakı yol sizə necə görünür?

– Prezident tərəfindən mükafatla təltif olunmazdan öncəki və sonrakı yol əslində eynidir, sadəcə məsuliyyət daha çoxdur. Əlbəttə, gördüyümüz işlər mükafat üçün deyil. Fransa kimi vacib bir ölkədə Azərbaycanımızın layiqli təbliğ olunması çox önəmlidir. Sözsüz ki, dövlət rəhbərinin fəaliyyətimizə göstərdiyi bu yuksək diqqət qürurverici olmaqla yanaşı, çox mühüm bir əhəmiyyət kəsb edir. Əməyimizə verilən bu diqqəti yüksək dəyərləndiririk, bu etimadı doğrultmağa hər zaman çalışacağıq. Fürsətdən istifadə edərək fəaliyyətimizi dəstəkləyən yüksək qurumlara, Heydər Əliyev Fonduna, Diasporla iş üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə, xüsusilə fəaliyyətimizin ilk günündən bizə diqqət göstərən və milli diaspun inkişafina dəstək olan ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyova dərin təşəkkürümü bildirirəm.




Diaspora.az