ƏSAS SƏHİFƏ
AZƏRBAYCAN

DÖVLƏT QURULUŞU ::
ƏRAZİ ::
COĞRAFİYA ::
ƏHALİ ::
DÖVLƏT DİLİ ::
DİN ::
MƏDƏNİYYƏT ::
TƏHSİL ::
İQTİSADİYYAT ::
TURİZM VƏ İDMAN ::
ERMƏNİ TƏCAVÜZÜ ::

KOMİTƏ

HAQQINDA ::
ƏSASNAMƏ ::
SƏDR ::
ƏLAQƏ ::

DİASPORAMIZ

MUHACİRƏT TARİXİ ::
XARİCDƏKİ TƏŞKİLATLAR::

..:: AXTARIŞ ::..
Axtardığınız söz:

..:: XƏBƏR ARXİVİ ::..

AMERİKADAKI TÜRK MÜHACİRƏTİNİN TARİXİ
[19.02.2004 10:11]

ABŞ-a türklərin mühacirəti 1860-ci illərdən etibarən başlamışdır. Parçalanmaqda olan Osmanlı imperatorluğunun müharibə və yoxsulluqdan yorulan vətəndaşları bir çox xarici ölkə kimi ABŞ-a da üz tutdular. Rəsmi ABŞ sənədlərində 1860-1921-ci illər arasında Osmanlı İmperatorluğunun əhatə etdiyi torpaqlardan Amerikaya 1 milyon 200 min nəfərin mühacirət etdiyi bildirilir. Bunların 200 min nəfəri türk və müsəlman, qalanları isə xristiyan millətlərin mənsubları olmuşdur. Qeyri-türk mühacirlər bu ölkəyə əsasən Suriya, İordaniya və Şimali İraqdan gəlmişdilər. ABŞ İmmiqrasiya İdarəsinin məlumatına görə, 1900-1920-ci illər arasında Türkiyədən bu ölkəyə 391.435 nəfər daxil olmuşdur.

Yeni qitəyə köçən ilk türklərin əksəriyyəti Türkiyənin Elazığ şəhərinin Harput ilçəsindən idilər. Onlar əsasən Massaçusests, Pensilvaniya, İndiana, Miçiqan əyalətlərinə yerləşdilər. İlk mühacirlər ayaqqabı, dəri fabrikalarında, dəmiryolu inşaatlarında işləyirdilər. Bu insanların bir çoxu subay idi və Amerikaya tək gəldikləri üçün ən böyük problemi ailə həyatlarında yaşayırdılar, çünki, onlar evlənməyə müsəlman qız tapa bilmirdilər. 1930-cu illərdə ABŞ-da baş verən iqtisadi böhran və Atatürkün mühacirləri ölkəyə geri dəvətindən sonra, bu insaların bir hissəsi Ana vətənlərinə geri döndü.

Beləliklə, 19-cu əsrin sonlarından etibarən ABŞ torpaqları yavaş-yavaş türklərlə və onların mədəniyyəti ilə tanış olmaya başlayırdı. Sultan II Əbdülhəmid ABŞ-da Osmanlı mədəniyyətini təbliğ etmək məqsədi ilə, Amerika hökümətinin də dəstəyi ilə Çikaqo şəhərində bir sərgi kəndi qurdurur. Hətta, hobbisi xarratlıq olan Sultan Əbdülhəmid özü də bu sərgidə bir əsəri ilə iştirak edir və birinci yerə çıxır. Bu türk kəndində tək qübbəli bir məscid, qırx dükandan mütəşəkkil bir bazar, bir teatr və çox sayda qəhvəxana və türk yeməkxanaları fəaliyyət göstərirdi. Burada Osmanlı və türk memarlığı üslubunda Şam sarayı adlı bir saray da inşa edilmişdi. Məscidin yanında qonaqları limonad, şərbət və türk şirniyyatına qonaq edən bir çadır qurulmuşdu. Bazarda türklərə məxsus xalılar, kilimlər, qızıl və gümüş əşyaları, müxtəlif əl işləri nümunələri satılırdı. Kənddəki teatrda səhnəyə qoyulan “Şərqdə toy” əsəri isə türk adət-ənənələrini təbliğ edirdi.

Türk kəndində salınan İstanbul küçəsində isə İstanbulun Sultanəhməd rayonundakı Hippodrom, İlanlı sütun və Dikilidaş abidələrinin surətləri inşa edilmişdi.

ABŞ-da Osmanlı həyat tərzinin yaşandığı məkanlardan biri də Nyu-England şəhərinin Valnut küçəsi idi. Burada üç minə yaxın türk yaşayırdı. Onların burda özlərinə məxsus qəhvəxanaları, hər cür türk malının satıldığı bazar və dükanları var idi. Bu küçədə qətiyyən səssizlik yox idi, buranın sakinləri gəldikləri ölkədə olduqları kimi fırtınalı və həyacanlı idilər. Bəlkə də məhz buna görə bu məkan yerli qəzetlərdə və şəhər ictimaiyyəti arasında “barbarlar sahili” adı ilə tanınırdı.

Yunis Yaşo adlı bir Türk 1915-ci ildə Ohayo ştatının Klivlend şəhərində bir türk qəbirstanlığı saldırır. 1923-cü ildə isə Detroytda yaşayan Türklər su ehtiyaclarını qarşılamaq üçün Osmanlı memarlığı üslubunda bir bulaq inşa edirlər.

1923-cü ildən etibarən ABŞ-da Osmanlı Teavün Cəmiyyəti tərəfindən “Unity” adlı ilk türk qəzeti nəşr edilməyə başlamışdır.

Amerikaya mühacirət edən ilk Türklər Ana vətənlərinə yardım etməyi heç vaxt unutmamışlar. Onlar 500 min ABŞ dolları məbləğində Türkiyədə yaşayan ailələrinə maliyyə yardımı göstərmişdilər.

Qeyri-rəsmi məlumatlara görə, hal-hazırda ABŞ-da 1 milyona yaxın Türk yaşamaqdadır. Onların Amerikada yüzə yaxın təşkilatı, qəzet, jurnal və digər icmaları fəaliyyət göstərir. Türklərin ABŞ-da “TurkofAmerika”, “TheTurkishWorld”, “Turkuaz”, “Forum” və s. adlar altında qəzet və jurnalları fəaliyyət göstərir. Demək olar ki, hər ştatda bir türk dərnək və ya təşkilatı fəaliyyət göstərir. ABŞ-da fəaliyyət göstərən türk təşkilatları əsasən Amerika Türk Assossiasiyaları Assambleyası (ATAA) və Türk Amerika Dərnəkləri Federasiyasında (TADF) birləşmişlər. ABŞ-da fəaliyyət göstərən türk təşkilatları içərisində ən güclüsü ATAA sayılır. Bu təşkilatın hal-hazırki rəhbəri Ərcümənd Qılınc əslən Türkiyə Azərbaycanlısıdır. Onun valideynləri uzun müddət Türkiyədə Azərbaycan diasporunun qabaqcıl üzvlərindən olmuşlar. Ərcümənt Qılınc 1958-ci ildə anadan olmuşdur. 29 ildir ABŞ-da yaşayan Ə.Qılınc könüllü olaraq bu ölkədə və dünyanın bir çox guşəsində Azərbaycan və türk mədəniyyətini və folklorunu özünün ifa etdiyi milli rəqslər ilə təbliğ etmişdir. O, öz vətənində “Türkiyənin mədəniyyət səfiri” adı ilə tanınır. Ə. Qılınc 1991-ci ildə başda konqresmen Cim Mudi və Züleyxa Əsədullahi olmaq üzrə bir qrupun Azərbaycana səfərini təşkil etmişdir.

Amerikada yaşayan Türklər haqqında daha ətraflı məlumatları aşağıdakı internet səhifələrindən almaq mümkündür.
http://www.ataa.org
http://www.tadf.org
http://www.mezunusa.com

Hazırladı:
Elçin Əzimli