Dərc edilib: 07:16, 2 İyun, 2017 | 0 dəfə baxılıb

“Çox məsuliyyətli bir yükün altında olduğumu bilirəm”

“Torpaqlarımızın işğalını yaşadığımız ölkələrdəki vətəndaş cəmiyyətinə, orada yaşayan insanlara anlatmalı, haqlı olduğumuza inandırmalı, özümüzü onlara tanıtmalıyıq”

Diaspora.az palitranews.az-a istinaden Cəvahir Əhmədova ilə olan musahibəni təqdim edir. İnsan 50 yaşına qədəm qoymaqla sanki addım-addım çıxdığı dağın zirvəsinə çatır. Başqa sözlə, 50 yaşı ömrün “zirvəsi” hesab etmək olar. İnsan bu zirvədə olarkən özünə və fəaliyyətinə obyektiv hesabat verə bilir.Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova 50 illik yubileyində “Palitra”ya ömürünün hesabat müsahibəsini verib. Qeyd edək ki, Cəvahir Əhmədova 1967-ci ildə Qubadlı rayonunda doğulub. 1990-cı ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Həmin ildən də Qubadlıda müəllimliyə başlayıb. Qubadlı işğal olan günə kimi orada yaşayıb.

-50 ildə nə qazandınız, nə itirdiniz?
-50 yaş nə zaman oldu, heç xəbərim olmadı. Ömrümün yarıdan çoxunu bitirdim. Geri boylananda, 50 illik ömür yoluma nəzər saldıqda çox üzülürəm. İtirdiklərim qazandıqlarımdan çoxdur. Öncə doğulduğum, böyüdüyüm, hər daşını, qayasını adım kimi bildiyim, 25 ildir yuxularımdan çıxmayan, həsrətindən ürəyim parçalanan, yadıma düşdükcə burnumun ucu göynəyən Vətənimi, elimi, obamı itirmişəm. Taleyimə qaçqınlıq, köçkünlük yazılıb, öz Vətənimdə vətənsizlik yaşayıram. Axan suyuna, açan gülünə, ötən quşuna, dağına həsrət qaldığım elimi itirmişəm. İlk dəfə bir riyaziyyat müəllimi kimi getdiyim məktəbi, girdiyim sinif otaqlarını, mənə sevgilə sarılan şagirdlərimi, çiyin-çiyinə çalışdığım müəllim kollektivimi bir saniyədə itirdiyimə hələ də inanmaq istəmirəm. Doğulduğum atam evini, anamın baxçamızda əkdiyi çiçəkləri yuxularımda görürəm.
Qubadlımızın həsrətini atamın qabarlı əllərində, kədərli gözlərində, uzaqlara dikilən baxışlarında gördükcə içim sızlayırdı, elə bilirdim atam Qarabağımın acılarını bir gün ürəyimdən silib atacaq. Atam bizə Qubadlımızın yadigarıydı, bu yadigarı da bu günlərdə Vətən həsrətiylə torpağa əmanət etdik.
Bir oğlum var, o mənim hər şeyimdir. Mənə bu acılarımı unutduran, həyata bağlayan, yaşam sevinci verənimdir. Həyatda qazandığım oğlumdur desəm, yanılmaram.
-Hər yaşa görə insan məsuliyyət hiss edir. 50 yaşın nə kimi məsuliyyəti var?
– Öncə mən bir oğul anasıyam. Evimdə gələcəyin kişisi, əsgəri böyüyür. Onun oxuması, həyata hazırlanması, gələcəkdə gözəl bir insan olması üçün əlimdən gələni edirəm. Ana olmaq çox çətin və məsuliyyətlidir.
Qurduğumuz Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin sədriyəm. Çox məsuliyyətli bir yükün altında olduğumu bilirəm. Vətəndən uzaqlarda, tanımadığın, bilmədiyin insanların içində ölkəni, millətini, dövlətini təmsil etmək çox çətindir. Millətimizin qadınını burada təmsil edirik. Qadın olmağın nə qədər çətin olduğunu hamımız bilirik. Bir də göz önündə olmaq, bacarıqlı, ağıllı bir qadın olmaq çoxlarını qıcıqlandırır. Bu işin də məsuliyyəti ağırdır.
Bir də yaşımızın verdiyi bir ağırlıq var. Gənclik illərindəki çılğınlıq yox olur, geridə xanımlıq illərinin acısını, şirinini sinəsinə çəkmiş bir Cəvahir qalıb.
-Yəqin ki, yaşa dolduqca vətən nisgili daha da artır…
-Vətən mənim qaysaq tutmayan, qanayan yaramdır. Mən Qarabağda uşaqlığımı, gəncliyimi, ən xoşbəxt atalı-analı illərimi, ilk sevgimi itirmişəm. Hər gün o torpaqların qoxusu məni özünə çəkir, ömrüm keçdikcə o günlər üçün daha çox darıxıram. Hər dua edərkən Allahımdan istədiyim şeylərdən biri də budur: “Allahım, məni o torpaqlara qismət elə, cismim o torpaqlara qarışsın, ruhum əsir qalmış torpaqlarımızda olsun”.
-Sizin İzmirdə diaspor yetirmələriniz varmı?
-Vəzifə gəlib keçicidir. Mən hər zaman söylüyürəm: min əzab-əziyyətlə qurduğumuz bir dərnəyimiz var. Öz imkanlarımızla yaşadırıq. Çox qızlarımıza iş imkanı yaratmışıq, düzəlməyən işlərinə yardımçı olmuşuq. Gücümüz yetdiyi qədər burada problemi olan qızlarımıza sahib çıxmışıq. Onlara ana, bacı olmuşuq.
Mənim də yorulan zamanlarım olur, hər kəsə söylüyürəm, bu ağır yükün altına girməyə kim hazırsa, buyursun gəlsin, mən hər zaman ona hər bir yardım etməyə hazıram. Kimsə hələ risk eləmir, amma bilirəm ki, içimizdə bu yükü qaldıra biləcək qızlarımız var. Onlara çox güvənirəm, bilirəm ki, əməyimiz boşa getməyəcək. Bu məni çox sevindirir.
-Bundan sonrakı planlarınız nədir?
-Biz dövlətimizin, hökumətimizin, Azərbaycanımızın hər zaman yanındayıq. Azərbaycan əsgəri bizim qurur yerimizdir. Ölkəmizin inkişafı, onun güclü olması biz – xaricdə yaşayan vətəndaşların güclü olması deməkdir. Bizim Qarabağ adlı bir problemimiz var, işğal altında inləyən torpaqlarımız var. Xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrinin üzərinə ağır yük düşür. Bu problemləri yaşadığımız ölkələrdəki vətəndaş cəmiyyətinə, orda yaşayan insanlara anlatmaq, haqlı olduğumuza inandırmaq, özümüzü onlara tanıtdırmaq çox çətin olsa da, bacarmaq lazımdır. Bizim hamımızın bir Vətəni var, ona görə də onu hər kəs gücü yetdiyi qədər sevməli, qorumalı və sahiblənməlidir. Torpaqlarımız işğaldan azad olmayınca bizə yuxu belə, haramdır.Hər zaman sözümü bir cümləylə bitirirəm: Qarabağda görüşənədək. Hamınıza təşəkkür edirəm. Allahım Xocalımda, Şuşamda, Cıdır düzümdə, Qubadlımda, həsrətini çəkdiyimiz o torpaqlarda görüşmək qismət etsin. Oralarda görüşmək ümidi ilə Allaha əmanət olun.

Diaspora.az