Dərc edilib: 12:39, 1 May, 2017 | 0 dəfə baxılıb

ABŞ-ın əsas iqtisadi mərkəzlərindən biri olan Çikaqoda keçirilmiş İpək Yolu konfransında Azərbaycanın strateji əhəmiyyəti vurğulanıb

Diaspora.az -ın ABŞ nümayəndəliyindən verilən məlumata görə ABŞ-ın aparıcı biznes və sənaye mərkəzlərindən biri olan Çikaqo şəhərində 2017-ci il üzrə İpək Yolu beynəlxalq konfransı keçirilmişdir.

Ənənəvi olaraq hər il keçirilən bu konfransda İpək Yolu boyunca yerləşən, o cümlədən Çin, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və bəzi Şərqi Avropa dövlətlərinin rəsmi və özəl strukturlarının çoxsaylı təmsilçiləri, eləcə də ABŞ- ın Çikaqoda və ətraf regionlarda fəaliyyət göstərən şirkətlərinin və akademik institutlarının nümayəndələri iştirak etmişdir. Konfransın əsas mövzusu iştirakçıların Avropanı Çinlə birləşdirən İpək Yolu üzərində yerləşən dövlətlərin investisiya, ticarət, nəqliyyat və tranzit potensialı ilə tanış edilməsindən ibarət olmuşdur.

Əvvəlki illərdə keçirilmiş tədbirlərdə olduğu kimi bu ilki tədbirdə də ölkəmiz Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən təmsil edilmiş və konfransda Azərbaycantərəfdən Səfirlik ilə yanaşı ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) qatılmışdır.

Tədbirdə çıxış edən Səfirliyin əməkdaşı tərəfindən Azərbayanın əlverişli coğrafi mövqeyi, ölkəmizin müasir tarixi və öz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu transformasiya yolu və bu yolun iqtisadiyyatın sürətli inkişafına səbəb olması izah edilmiş, ölkəmizin təşəbüsü və ya aparıcı rolu ilə həyata keçirilən iri miqyaslı layihələrin tarixi İpək Yolunun bərpası baxımından əhəmiyyətinə toxunulmuşdur.

Bu xüsusda, ölkəmizin İpək Yolunda yerləşən qonşu dövlətlərlə əlaqələrinin (connectivity) gücləndirilməsinə töhfəsi kimi, energi, nəqliyyat, informasiya və telekommunikasiya sahəsində, eləcə də mədəni səviyyədə təmasların artırılmasına yönəlmiş səyləri barədə danışılmışdır.

USACC-nin təmsilçisi Azərbaycanda biznes və investisiya imkanları barədə danışmış və diqqəti qeyri-neft sektorunun inkişafı məqsədilə ölkədə müxətlif istiqamətlərdə aparılan uğurlu islahatlara yönəltmişdir. Eyni zamanda konfrans çərçivəsində Azərbaycan barədə müxtəlif nəşrlərin təqdimatı ilə məlumat güşəsi təşkil edilmiş, ölkəmizlə biznes və investisiya əlaqələrinin qurulmasında maraqlı olan şirkətlərlə bu istiqamətdə müzakirələr keçirilmiş və onlar müvafiq proseduralar barədə məlumatlandırılmışdır.

Tədbir Şimali İllinoys Universitetinin Biznes Kollecinin sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilmişdir. Həmçinin, konfransın həmsponsorları qismində “Silk Way Airlines”, “SME Group” şirkəti, “Qlobal Biznes Məsləhəti” jurnalı, “Tianjin İqtisadi Texnoloji İnkişaf Sahəsi”, “Uaytsayd Bölgəsi üzrə İqtisadi İnkişaf Departamenti” və “ABŞ-Qazaxıstan Biznes Assosiasiyası” çıxış etmişdir.

Diaspora.az