Dərc edilib: 22:14, 12 İyun, 2017 | 0 dəfə baxılıb

Azərbaycan diaspor nümayəndələri Qahirə universitetinin tələbələri ilə göruşüb

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyində Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin bir qrup fəal tələbəsi ilə görüş keçirilib.

Azərbaycan dilini öyrənən tələbələrlə görüşdə birliyin sədri, tədqiqatçı- alim Seymur Nəsirov ölkəmiz haqqında – onun tarixi, qədim mədəniyyəti, coğrafiyası, milli-mənəvi dəyərləri ilə bağlı geniş məlumat verib. S.Nəsirov həmçinin, Azərbaycanla Misir arasında tarixi əlaqələr, mədəniyyətimizin və adətlərimizin oxşar məqamları haqqında söhbət açıb.

Tədbirdə eyni zamanda Azərbaycanın milli geyimləri və mətbəxi də nümayiş etdirilib. Misirli gənclər isə öz növbəsində milli geyimlərimizin gözəlliyini və Azərbaycan yeməklərinin ləziz olduğunu xüsusi vurğulayıblar.

Görüşdə diaspor nümayəndələri tələbələrin Azərbaycana dair suallarını cavablandırıb və ölkəmizlə bağlı fikir mübadiləsi aparıblar.

Diaspora.az