Dərc edilib: 11:23, 6 İyun, 2017 | 0 dəfə baxılıb

Astanada xarici səfirlər Azərbaycan şərablarının dadına baxdılar

Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib.
Səfirliyin mətbuat xidmətindən bildirilib ki, təqdimat və dequstasiya mərasimində Qazaxıstanda akreditə olunan 40-dan artıq diplomatik korpusun rəhbəri, səfirlər, bu ölkənin dövlət strukturlarının rəsmiləri, tanınmış şəxslər iştirak ediblər.

“Made in Azerbaijan” brendi adı altında keçirilən təqdimatda şərab istehsalı üzrə ixtisaslaşan Fireland Vineyards MMC-nindirektoru Elmar Səidov məhsulların çeşidləri haqqında geniş məlumat verib. Bildirilib ki, Almaniya, İtaliya, Fransa vә Yaponiyadan gətirilən istehsal avadanlıqları ən keyfiyyətli məhsulları ixrac etməyə imkanlar yaradır. Bunlardan biri olan Chardonnay şərab növü dünyanın ən çox satılan quru ağ şərabına çevrilib. Chardonnay dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da yetişir. Viognier, Rkatsiteli kimi şərablar da yalnız bir üzüm növündən alınmaqla premium sinfə daxildir.

Təqdimat mərasim  çərçivəsində keçirilən dequstasiyada qırmızı şərab olan Yallı, eləcə də Sauvignon Blanc iştirakçılarda xüsusi maraq oyadıb. Bolqarıstan, Macarıstan, eləcə də şərab istehsalı ilə tanınan ölkələrin səfirləri, diplomatları Azərbaycan şərablarının keyfiyyətini yüksək qiymətləndiriblər ki, bu da ölkəmizin bu sahədə ixrac standartlarının göstəricisindən xəbər verir.

“Artıq Azərbaycan şərablarının Qazaxıstana ixrac edilməsi və satışının təşkil edilməsi üçün uğurlu danışıqlara start verilib və müəyyən nəticələr əldə edilməkdədir.  Yeri gəlmişkən, böyük həcmdə şərab istehsalçısı və ixracı ilə məşğul olan ölkələr, ö cümlədən Gürcüstan artıq bu təcrübədən istifadə edib. Odur ki, “Made in Azerbaijan” brendi altında Qazaxıstanın bir çox regionlarında da belə təqdimatların keçirilməsi nəzərdə tutulub. Azərbaycanın bu ölkədəki səfirliyi ilə aidiyyəti dövlət strukturlarının birgə fəaliyyəti nəticəsində sahibkarların Qazaxıstanın Astana, Almatı, Petropavlovsk, Kustanay, Şimkənt kimi şəhərlərində təşkil olunacaq sərgi və yarmarkalarında vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirakı təmin ediləcək”,-deyə səfirlikdən bildirilib.

Diaspora.az