Dərc edilib: 17:30, 20 Aprel, 2017 | 0 dəfə baxılıb

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Niderland Parlamentində DENK Partiyasinin liderləri ilə görüşüb

Dünən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Niderland Parlamentinin (Tweede Kamer) türk əsilli millət vəkilləri Tunahan Kuzu və Səlcuk Öztürklə görüşüblər. Görüş Parlament binasında baş tutub. Görüşdə Birliyin üzvləri və Rotterdam Erasmus universitetində təhsil alan 3 azərbaycanlı tələbə – Məhəmməd İbrahimov, Bayram Orucov və Mehrab Bağırlı iştirak edib.

Görüş haqqında məlumat verən birliyin sədri Mayisə Ağamirzəyeva belə görüşlərin keçirilməsinin vacibliyindən danışıb: “İnformasiya üçün bildirmək istərdim ki, mart ayında Niderland Krallığında ölkə Parlametinə millət vəkillərinin seçkisi baş tutdu. Seçkidə ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların namizədləri iştirak etdilər. Sevindirici haldır ki, seckidə türk əsilli 2 gənc liderin yeni yaratdığı DENK Partiyasından da 3 nəfər Parlamentde yer almağa nail oldu. Onu da qeyd edək ki, DENK Partiyasının liderləri artıq bir neçə ildir ki, Hollandiya siyasətindədirlər və ölkənin aparıcı partiyalarından birində fəaliyyət göstəriblər. Seçkilərin başlamasına bir neçə ay qalmış isə öz partiyalarını yaratdılar və seçkilərə öz platformaları ilə qatıldılar. Qısa zaman ərzində təbliğat-təşviqat aparmalarına baxmayaraq, irəli sürdükləri namizədlər Parlamentə üzv seçilə bildi. Buna səbəb isə partiyanın Hollandiyada əhalinin sosial həyatına uyğun və ayrımçılığa qarşı fəaliyyət proqramı ilə çıxış etməsi idi. DENK-in platformasında əsas yeri Niderlandda yaşayan yabançıların-türk, mərakeş, indoneziyalı, surinamlı, hindli, çinli, afrikalı və s. 176 yabançı millətin nümayəndələrinin haqlarını müdafiə etmək tutur. Əlbəttə ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olduğu üçün qərib ölkələrdə də onların uğur və sevinclərinə də, kədər və uğursuzluqlarına da şərik oluruq. Ona görə də, birliyimiz adından Tunahan Kuzu və Səlcuk Öztürkü bu uğurları münasibətilə təbrik etməyi özümüzə borc bildik”.

Görüş səmimi söhbətlə davam edib. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri M.Ağamirzəyeva onların hər ikisini Parlamentə üzv olmaları münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Qarşı tərəf də eyni zamanda azərbaycanlı diaspora üzvlərinin bu jestini yüksək qiymətləndirdiklərini və belə görüşlərin tez-tez keçirilməli olduğunu bildirib. Hər iki türk xalqının nümayəndələrinin qərib ölkələrdə bir-birinə arxa-dayaq olmağın vacibliyindən danışıblar və birliyin uğurlu lobbiçilik fəaliyyəti üçün yardım gərəkirsə əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Görüşün sonunda Birliyin sədri DENK Partiyasının arxiv-muzeyinə “İrəvan xalçaları” adlı kitabı və Azərbaycan filmlərindən ibarət disklər toplusunu, eləcə də Azərbaycana aid suvenirləri xatirə hədiyyəsi verib. Görüş xoş bir dostluq abu-havasında başa çatıb.

Diaspora.az